16
noyabr
2020
11:26
1492


Universal kart

AdRiver


AZƏRBAYCANDA TOLERANTLIQ MƏDƏNİYYƏTİ

Hər il noyabrın 16-sı dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Əsas məqsəd dünyada dözümlülük və birgəyaşayış ənənələrinin daha da gücləndirilməsidir.
Azərbaycanda qədim zamanlardan ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamış, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlamışlar.
Digər dinlərlə qarşılıqlı anlaşma şəraitində yaşamaq Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən, xoş məramından irəli gəlir. Bu gün dünyanın bir çox ölkələrində insanların yaşayış yerinin müəyyən edilməsində onların dini mənsubiyyəti əsas götürülür. Yəhudi, xristian, islam və digər dinlərin nümayəndələri ayrı-ayrı məhəllələrdə yaşayırlar. Sivilizasiyaların qovşağı olan Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar bir yerdə sərbəst yaşayır, bir-birilərinin bayramlarında, dini mərasimlərində yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu müddəa təkcə qanunda deyil, real həyatda da öz əksini tapmışdır. Azərbaycanda hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qanunla qadağan edilmişdir.
Azərbaycanda xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən bir çox dini icma fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir. Azərbaycan hökumətinin qərarı ilə, 1907-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa olunmuş, 1920-ci ildə bağlanmış Cen Mironosets kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Həmin kilsəni 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədi ziyarət edərək ona baş kafedral kilsə statusu vermişdir. Kilsə Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğundan dağıntılara məruz qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan Azərbaycanlı iş adamı Aydın Qurbanov öz üzərinə götürmüş, tezliklə təmir başa çatmış və ibadət ocağı istifadəyə verilmişdir. Açılış mərasimində Ümummilli Lider Heydər Əliyev, hökumət üzvləri və səfirliklərin nümayəndələri iştirak etmişlər .
1999-2001-ci illərdə Bakıda digər pravoslav məbəd-Müqəddəs Məryəmin Miladı Baş kilsəsi bərpa olunmuşdur. 1998-ci ildə Azərbaycanda Bakı və Xəzəryanı ölkələrin Yepiskopluğu yaradılmış, tərkibinə Azərbaycan ərazisindəki Pravoslav kilsələri ilə yanaşı, Dağıstan və Çeçenistan Respublikalarındakı Pravoslav kilsələri də daxil edilmişdir. Sonradan həmin qurum Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası adlandırılmışdır. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi, Sumqayıtda 1 məbəd fəaliyyət gəstərir.
2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey dini durumla tanış olmaq və dinlərarası dialoqu inkişaf etdirmək məqsədilə Azərbaycanda səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, dini icmaların rəhbərləri ilə görüşmüş, ölkədə fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir. Qonağı Ümummilli Liderimiz Heydər Əliyev də qəbul etmiş, geniş fikir mübadiləsi aparmışdır.
1992-ci ilin mayında Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər qurulmuşdur. Bu əlaqələrin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfərinin böyük rolu olmuşdur. Ümummilli Lider Heydər Əliyev Roma papası II İohann Pavellə görüşmüş və katolik kilsəsinin Azərbaycandakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmışdır.
1999-cu ildə katolik dini icması rəsmi dövlət qeydiyyatına alınmış, 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, Roma papası II İohann Pavel ilk dəfə Azərbaycana səfərə gəlmiş, dövlət rəsmiləri və ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür. O, ölkəmizdəki mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük münasibətlərinin dünyanın bir çox ölkələri üçün yaxşı nümunə olduğunu bildirmişdir.
Sonrakı illərdə Vatikan dövləti ilə əlaqələr daha da inkişaf etdirilmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikan dövlətində olmuş, dövlət katibi kardinal Ancelo Sodano ilə görüşmüş, Azərbaycanla Vatikan arasında qarşılıqlı əlaqələri müzakirə etmişdir.
2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də onu qəbul etmiş, görüşdə ölkəmizdəki müxtəlif dinlər arasında dözümlülüyün yüksək səviyyədə olduğu vurğulanmışdır. Həmin gün Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin açılışı olmuş, Prezident İlham Əliyev və kardinal Bertone mərasimdə iştirak etmişlər. Prezident İlham Əliyev çıxışında Bakıda katolik kilsəsinin açılmasının Azərbaycanın gələcək inkişafına, Avropa ilə qarşılıqlı münasibətlərin davam etdirilməsinə töhfə verəcəyini bildirmişdir.
2016-cı il oktyabrın 2-dadə Roma Papası Fransisk Azərbaycana səfərə gəlmiş, Prezident İlham Əliyev, ictimaiyyətin nümayəndələri, din xadimləri ilə görüşmüş və Bakıdakı katolik kilsəsində təşkil olunan dini mərasimdə iştirak etmişdir. Roma Papası Fransiskin ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir mərhələnin əsasını qoymuşdur.
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azsaylı xalqlardan biri Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000 nəfərə yaxındır ki, onların də təxminən 4000-i Nic qəsəbəsində yaşayır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə, yanaşı yaşamış, aralarında daim dostluq əlaqələri və qarşılıqlı anlaşma mövcud olmuşdur.
Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə Alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Apostol Kilsəsinin idarəçiliyi erməni qriqoryan kilsəsinə verilmişdi. Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində udi etnosu itirilmiş hüquqlarını bərpa etmişdir. Bu abidələrdən biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən olan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir. IV-V əsrlərə aid bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. Kilsənin bərpasında xarici alimlərlə yanaşı Azərbaycanlı alimlər də böyük əmək sərf etmişlər. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic kəndində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilmişdir.
Azərbaycanda yaşayan qədim xalqlardan biri də yəhudilərdir. Məskunlaşdıqları ölkələrdə təzyiqlərə məruz qalan yəhudilər Azərbaycana pənah gətirərək neçə əsrlərdir bu bölgədə sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamış, əksinə daim yerli əhalinin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Quba rayonundakı Qırmızı qəsəbə postsovet məkanında dağ yəhudilərinin sıx yaşadığı yeganə məkandır. Azərbaycan dünyada yəhudilərə xoş münasibət göstərilən azsaylı ölkələrdən biridir.
Yəhudilər Azərbaycanda üç – dağ, əşkinazi və gürcü yəhudiləri icmaları ilə təmsil olunur. Ölkəmizdə yəhudilərin ümumi sayı təxminən 16.000 nəfər təşkil edir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, onların da təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, 1000-i isə digər şəhərlərdə yaşayır. Əşkinazi yəhudilərin təxmini sayı 4000, gürcü yəhudilərinin ki, 700 nəfərdir. Azərbaycanda hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınmış, Bakıda, Oğuzda və Qubada 2 sinaqoq fəaliyyət göstərir.
Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də əsaslı dəyişikliklər baş vermiş, milli-mənəvi dəyərlərin təbliğinə diqqət artırılmış, dini fəaliyyət sahəsində mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılmışdır.
Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilmiş, ölkəmizdə dini dözümlülüyün möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev mütəmadi olaraq müxtəlif dinləri təmsil edən din xadimləri ilə görüşər, ibadət ocaqlarını ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayram və mərasimlər münasibətilə onları təbrik edərdi.
Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə qayğı ilə yanaşmaq Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri, o cümlədən Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur. Eyni zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər Məscidi inşa olunmuşdur.
Prezidenti İlham Əliyevin bilavasitə qayğısı ilə 2014-cü ilin may ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Hazırda mərkəz dövlət din münasibətlərinin tənzimlənməsi, Azərbaycanda yaşayan bütün etnik və dini qrupların hüquqlarının qorunması, ölkəmizin zəngin tarixə malik tolerantlıq ənənələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu da mühüm işlər görür. Fondun xətti ilə xristianlığa və İslama aid bir çox dini abidələr təmir olunmuşdur. Hazırda Fond Katolik kilsəsinin Azərbaycan Respublikasındakı Apostol Prefekturası ilə sıx əməkdaşlıq edir, 2008-ci ildə Fondla sözügedən qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanmış, Fondun dəstəyi ilə 2009-cu ildə Bakıda yerləşən “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma işləri aparılmışdır.
2016-cı ilin fevral ayının 23-də Azərbaycan Respublikasının Birinci vitese-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş Marçellinio və Pietro katakombalarının açılış mərasimi keçirilmişdir. Bu Azərbaycanın təkcə ölkəmizdə deyil, dünyanın ayrı-ayrı bölgələrində yerləşən müxtəlif mədəniyyətlərə və dinlərə aid abidələrə göstərdiyi qayğının və diqqətin göstəricisidir.
Azərbaycanda Tolerantlığa aid qeyd olunanlar ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün dinlərə hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin qorunmasına önəm verdiyini göstərir.
Bu gün tam əminliklə deməyə əsas var ki, Azərbaycanda tolerantlıq ənənələrinin möhkəmləndirilməsi üçün bütün tədbirlər ardıcıllıqla həyata keçirilir, ayrı-ayrı dinlərin ardıcıllarının bərabərhüquqlu vətəndaş kimi yaşamasına şərait yaradılır. Müasir dövrdə qarşıda duran əsas vəzifə bu irsi dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir.
Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
28.10.20, Cəmiyyət
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
16.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm” – Deputat
“Məsələyə “ancaq kasıbların uşaqları şəhid olur” prizmasından yanaşılmanın tərəfdarı deyiləm” – Deputat
27.08.20, Cəmiyyət
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24.07.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib - FOTO
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib - FOTO
20.02.20, Siyasət